Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilən, qeydiyyatla bağlı vətəndaş rahatlığını təmin edən “Kütləvi çıxarış” kampaniyası davam etdirilir.
Budəfəki kampaniya fevralın 16-da Ağcabədi rayonun Hindarxı qəsəbəsində, habelə Kəhrizli, Sarıcalı, Poladlı, İmamqulu, Bayat kəndlərində keçirilib. Bununla çıxarış əldə etmək üçün kənd və qəsəbələrdən insanların əlavə məsafə qət edərək rayon ərazi qeydiyyat ofislərinə gəlməsinə ehtiyac qalmayıb.
Rayonun bu kənd və qəsəbələrindən olan 150-ə yaxın əhalisinə qeydiyyatla bağlı xidmət göstərilib. Belə ki, 80-ə yaxın sakinə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Verilən çıxarışlar əsasən fərdi yaşayış evlərini, pay torpaqlarını, həyətyanı, bələdiyyə torpaqlarını əhatə edib. Elə həmin gün çıxarış verilməsi məqsədilə 30-dan çox sakindən hüquqmüəyyənedici sənədlər toplanıb. Kampaniya çərçivəsində bir neçə Qarabağ müharibəsi əlillərinin birbaşa evlərində ilkin hüquqmüəyyənedici sənədlər də qəbul edilib.
Vətəndaşlara çıxarışlar təqdim olunmaqla yanaşı, 40-a yaxın sakinə hüquqi yardım xidmətləri də göstərilib. Sənədlərində hər hansı çatışmazlığı olan, qeydiyyat prosesinin ardıcıllığını bilməyən, lazımi sənədlərin hansı qurumdan alınması barədə məlumatı az olan əhalinin sualları cavablandırılıb, prosedurlar izah olunub.