16 fevral 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun iclası keçirilib.
İclasda Qrupun 2018-ci il üzrə İş Planı, AR Mərkəzi Bankının normativ sənədlərinin yenidən hazırlanması ilə bağlı təkliflərin hazırlanması, kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili qaydalarına gözlənilən dəyişikliklərin edilməsi ilə bağlı təkliflərin hazırlanması, Kredit təşkilatlarının fəaliyyətləri prosesində üzləşdikləri qanunvericiliyin və onun tətbiqi təcrübəsi ilə bağlı məsələlər, banklarda hüquqi risklərin idarə edilməsinin effektivliyinin qiymətləndirilməsi məsələləri müzakirə edilib.
Həmçinin iclasda banklar üçün vahid standart müqavilələrin hazırlanması ilə bağlı İşçi Qrupun yaradılması və fəaliyyət planı, Azərbaycan Kredit Bürosu ilə bağlı bu və ya digər hüquqi məsələlər, eləcə də, kollektorluq fəaliyyəti ilə bağlı qanun layihəsinin hazırlanması haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.