Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə 15 Fevral 2018-ci ildə “Kənd təsərrüfatı sığortası modelinin Azərbaycanda tətbiqi” ilə əlaqədar işçi qrupunun ilk görüşü keçirilib.
Görüşdə Azərbaycan Sığortaçılar Assosiasiyasının, Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) və sığorta şirkətlərinin nümayəndələri, həmçinin bu sahə üzrə ekspertlər iştirak ediblər.
Görüş zamanı Azərbaycan Respublikası Strateji Yol Xəritələri və “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələrək Palata tərəfindən görülmüş işlər barədə məlumat verilib. Qeyd edilib ki, Palatanın təşəbbüsü ilə Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinin iştirakı ilə işçi qrup formalaşdırılmış, kənd təsərrüfatı sığortası sahəsində cari vəziyyətin diaqnostikası aparılmış, mövcud qanunvericilik təhlil edilmiş, beynəlxalq təcrübə araşdırılaraq öyrənilib.
Görüşdə həmçinin, Türkiyə modeli olan “TARSİM”-in yerində öyrənilməsi, “Kənd təsərrüfatı sığortası haqqında” Qanun layihəsinin hazırlanması məsələləri də müzakirə predmeti olub. Müzakirələrin yekununda sığortaçılar tərəfindən Qanun layihəsinə baxılaraq, qısa müddət ərzində rəy və təkliflərinin təqdim edilməsi qərara alınıb.