Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Siyəzən rayonunda həmin rayonun və Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinləri ilə görüşüb.
BBN.az xəbər verir ki, qəbul zamanı işlə təmin olunmaq üçün müraciət edən vətəndaşlar yaşadıqları ərazilərdə olan vakansiyalarla tanış edilib və həmin vakansiyalar üzrə onlara seçimlərinə, əmək bacarıqlarına uyğun iş yerlərinə göndərişlər verilib. Ayrı-ayrı vətəndaşlar peşə hazırlığına, özünüməşğulluq proqramına cəlb edilmək üçün qeydiyyata götürülüblər.
Nazirliyin məşğulluq orqanları tərəfindən Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında aktiv məşğulluq tədbirlərinin davam etdirildiyini bildirən S.Müslümov bu tədbirlərin davamı kimi, ötən il bu rayonlarda məşğulluq orqanlarının xətti ilə əlavə olaraq 2154 nəfər işsiz və işaxtaran şəxsin münasib iş yerləri ilə təmin olunduğunu, 85 nəfər üçün peşə hazırlığı kurslarının təşkil edildiyini diqqətə çatdırıb: “Eləcə də bu beş rayon üzrə 81 aztəminatlı ailə dövlət başçısının müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına cəlb olunub. Bu il isə həmin rayonlar üzrə ümumilikdə 400-dən çox aztəminatı ailənin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarının yaradılması nəzərdə tutulub”.
Qeyd edək ki, qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan müraciətlərdə əksini tapan məsələlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.