Ölkənin inkişafında qadınların rolu-STATİSTİKA

2018-ci ilin yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 %-ni və ya 4 milyon 960,1 min nəfərini qadınlar təşkil edib.

Ötən il doğulan 144,0 min körpənin 46,8 %-ni qız uşaqları təşkil edib. Qadınların 53,4 %-i nəsilvermə qabiliyyətinə malikdir.

Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 %-dir.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 79,8 %-i, orta ixtisas təhsil müəssisələrində 77,9 %-i, ali təhsil müəssisələrində 51,9 %-i, həkimlərin isə 65,7 %-i qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46 %-i, orta ixtisas təhsil müəssisələrində oxuyanların 65,3 %-i, ali təhsil müəssisələrinin tələbələrinin 48,2 %-i qızlardır.

Elmin inkişafında da qadınların müstəsna rolu vardır. Elmi işçilərin 56 %-ni qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru elmi dərəcəsi olan qadınların sayı 1,5 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən isə 12-si qadındır.

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi ilkin məlumatlara əsasən 28,5 %, sahibkarlar arasında isə 21,5 %-dir. Bədən tərbiyəsi və idmanla məşğul olanların  41,7 %-i qadınlardır.

Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 %-ni, 2000-ci ildə 10,7 %-ni qadınlar təşkil edirdisə, bu gün ölkə Parlamentində qadınların xüsusi çəkisi 16,1 %-ə çatıb.

İlk bələdiyyə seçkilərinə nisbətən son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 6 dəfə artaraq 5236 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35 % olub. Bu göstərici ilk bələdiyyə seçkilərində 4 % təşkil edib.

Sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 % olduğu halda, 2017-ci ildə 6,7 %-dək artıb.

Mənbə: Dövlət Statistika Komitəsi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır