“ABAD”çılar əlverişli güzəştli kreditlərdən bəhrələnir

Martın 6-da  Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs və “Azər-Türk Bank” ASC arasında birgə əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.

Niyyət Protokoluna əsasən, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “ABAD”çıların investisiya layihələrinin dövlətin güzəştli kreditləri hesabına dəstəklənməsini təmin edəcək, “Azər-Türk Bank” ASC həmin kreditləri illik faiz dərəcəsi 4%-dən artıq olmamaqla sahibkarlara çatdırılmasında müvəkkil bank kimi çıxış edəcək, “ABAD” publik hüquqi şəxs isə maliyyələşdirilmiş layihələr hesabına əldə olunmuş məhsulun marketinqinin həyata keçirilməsində sahibkarlara köməklik göstərəcək.

Bildirilib ki, ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyi göstərən maliyyə institutlarından biri olan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti dövründə 34600-dən çox sahibkarın ümumi dəyəri 4,5 milyard manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 2,1 milyard manatdan artıq güzəştli kredit verilib. Verilmiş kreditlərin 75%-i respublikanın regionlarının, 25%-i isə Bakı qəsəbələrinin payına düşür. Maliyyələşdirilmiş layihələrin 90%-ni isə kiçik həcmli kreditlər təşkil edir. SKMF-nin əsas fəaliyyət istiqamətlərindən biri də sahibkarların maarifləndirilməsidir. Fond tərəfindən indiyədək 48 mindən çox sahibkarın iştirak etdiyi 362 işgüzar forum keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır