“İranla birgə avtobuslar, kənd təsərrüfatı texnikası istehsal edilə bilər”

“Azərbaycan İranla birgə avtobuslar, kənd təsərrüfatı texnikası istehsal edə bilər.”

BBN.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclasında bildirib.

“Kənd təsərrüfatı, sənaye, ticarət, nəqliyyat, turizm, səhiyyə, bankçılıq və s. sahələrdə əməkdaşlıq üçün böyük imkanlar var. Azərbaycanda İranla birgə avtobuslar, kənd təsərrüfatı texnikası istehsal edilə bilər”, -deyə  Ş.Mustafayev bildirib.

İranın iqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian bildirib ki, kənd təsərrüfatı, turizm, tranzit və yükdaşımlar sahələrində də əlaqələrin inkişafı üçün potensial böyükdür.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclası martın 14-də də davam edəcək və komissiyanın 12-ci iclasının yekunlarına dair Protokol imzalanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır