Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən milli seminar başa çatıb.
BBN.az xəbər verir ki, “Dövlət Gömrük Komitəsinə ümumi tranzit proseduru və mallarla ticarətdə sənədləşmənin sadələşdirilməsi konvensiyalarına üzvolma, eləcə də Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulmaya hazırlıq prosesində dəstək” mövzusunda təşkil olunan seminarın iclasına biznes subyektləri cəlb edilib.
Seminarın məqsədi seminar iştirakçılarını Ümumi Tranzit Proseduru haqqında Konvensiyanın üzv dövlət tərəfindən tətbiqi üçün əsas qaydalar barədə məlumatlandırmaqdır.
İclasda çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşən Azərbaycanın tranzit potensialının artırılması istiqamətində görülən işlər barədə məlumat verib, ötən ilin dekabrında ölkənin Yeni Kompüterləşdirilmiş Tranzit Sistemində qeyri-formal müşahidəçi statusu əldə etdiyini diqqətə çatdırıb. Sistemin faydaları barədə danışan Komitə sədrinin müavini bildirib ki, tam üzvlük statusu əldə olunduqdan sonra Avropa ilə ticarət zamanı sərhədkeçmə prosesi asanlaşacaq və yüklərin daşınmasına sərf olunan müddət azalacaq.