MİDA-da gənclər təşkilatlarının üzvləri ilə görüş keçirilib

14 mart tarixində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv olan gənclər təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.

BBN.az xəbər verir ki, Gənclər təşkilatlarının fəalları üçün Agentlik tərəfindən təşkil olunmuş bu məlumat turunun əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının mənzil təminatı üzrə yeni sosial təşəbbüsünün reallaşdırılması prosesi ilə gəncləri yaxından tanış etmək və ölkədə həyata keçirilən dövlət gənclər siyasəti çərçivəsində gənclər təşkilatlarının inkişafına töhfə verməkdir.

Tədbir çərçivəsində Mənzil İnşaatı Dövlət Agentliyinin aparatının rəhbəri Anar Quliyev, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, MİDA-nın müxtəlif şöbələrinin əməkdaşları çıxış edib.

Tədbirdə MİDA-nın strukturu və fəaliyyət istiqamətləri, ölkədə uyğun qiymətə mənzil təminatı sahəsində görülən genişmiqyaslı işlər, hazırda reallaşdırılan tikinti layihələri, inşa olunan yaşayış komplekslərinin şəhərsalma və memarlıq xüsusiyyətləri, habelə gələcək sakinlərinin rahat və sağlam yaşayışı üçün yaradılan infrastruktur barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, “Güzəştli mənzil” elektron sistemi vətəndaşların müraciətlərinin real vaxt rejimində, vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını, habelə virtual qaydada mənzil seçimi imkanını təmin edir. Bugünədək “Güzəştli mənzil” elektron sistemi vasitəsilə 8000-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək hər biri üçün şəxsi elektron kabinetin yaradılması təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır