Azərbaycan Respublikası Mərkəzi Bankında Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması və müvafiq ekspert xidmətinin cəlb edilməsi üzrə tender elan edilib.
BBN.az xəbər verir ki, Mərkəzi Bank blockchain əsaslı identifikasiya sisteminin yaradılması üzrə ekspert xidmətinin cəlb edilməsi, blockchain əsaslı rəqəmsal identifikasiya sisteminin yaradılması məqsədilə texniki platformanın satın alınaraq qurulması və blockchain əsaslı rəqəmsal identifikasiya sisteminin yaradılması lotları üzrə açıq tender keçirir.
Tender təkliflərinin açılış proseduru 11 may 2018-ci il tarixində saat 15:00-da Mərkəzi Bankın inzibati binasında (AZ 1014, Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcək.
İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 10 may 2018-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 30 aprel 2018-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaq.
İddiaçılar tenderdə iştirak haqqı kimi Mərkəzi Bankın hesabına hər bir lot üzrə 200 (iki yüz) manat məbləğində vəsait köçürməlidir.
Qeyd edək ki, tenderdə iştirak haqqında ətraflı məlumatı keçiddən əldə edə bilərsiniz.