29 mart 2018-ci il tarixində Bakıda əmək sahəsində beynəlxalq standartların və bərabərlik prinsplərinin təmin olunması məsələlərinin müzakirəsinə həsr olunmuş “Beynəlxalq Əmək Standartları və Bərabərlik” mövzusunda konfrans öz işinə başlayıb. İki gün davam edəcək konfransda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Beynəlxalq Əmək Təşkilatının (BƏT), Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktorluğunun Avropa Sosial Xartiyası departamentinin nümayəndələri iştirak edir.
Konfransı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, son illər dövlət tərəfindən əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilib: “Makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, bu sahədə əlverişli şəraitin yaradılması vasitəsilə tarazlı və bilavasitə yoxsulluğun azaldılmasına istiqamətlənmiş inkişafın reallaşdırılması, eləcə də müasir prinsiplər əsasında fəaliyyət göstərən sosial müdafiə mexanizmlərinin ölkənin iqtisadi mühitinə inteqrasiyasının prioritet kimi müəyyən olunması milli iqtisadiyyatın sosial yönümlülüyünü daha da artırıb. Son on il ərzində ölkəmizdə minimum əmək haqqının səviyyəsi 2,2 dəfə, ölkə üzrə orta aylıq əməkhaqqı 2,4 dəfə artıb. Nəticə etibarilə, ölkədə yoxsulluğun səviyyəsi 6 faizdən, işsizlik səviyyəsi isə 5 %-dən aşağı enib”.
İ.İsayev vurğulayıb ki, sosial baxımdan iqtisadiyyatın artımı ilə əmək haqqının artımı arasında birbaşa əlaqə olmalıdır: “Bu birbaşa əlaqənin olması hər bir işləyən şəxsin ölkə üzrə iqtisadi artımı özünün əmək haqqı məbləğində hiss etməsinə imkan verir. Azərbaycanda da son 15 ildə ÜDM-nin artım tempi (3,2 dəfə) əmək haqqının artım tempi (3,3 dəfə) ilə, demək olar ki, üst-üstə düşür. Növbəti addım kimi, 2018-ci ilin yanvar ayından ölkəmizdə minimum əmək haqqının məbləği 12,06 % artırılıb ki, bu da bir daha ölkədə sosial siyasətin ildən-ilə gücləndiyindən, bundan sonra da həmin həddin artırılması siyasətinin davam edəcəyindən xəbər verir”.
Ölkədə əmək münasibətləri sahəsində qadınların kişilərlə bərabər hüquqlara malik olduğunu vurğulayan nazir müavini qeyd edib ki, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin məlumatına görə, muzdla işləyənlərin təxminən 47 %-ni qadınlar təşkil edir. Onlardan 56,7 %-i iqtisadiyyatın təhsil və səhiyyə sahələrində çalışır.
Daha ətraflı məlumat üçün keçiddən istifadə edə bilərsiniz.