TANAP-ın Türkiyəyə qədər olan hissəsinin 99 %-i tamamlanıb

Martın 29-da Ankarada TANAP-ın İdarə Heyətinin ümumi iclası keçirilib.

İclasda artıq tamamlanmaqda olan TANAP-ın birinci fazası üzrə görülən işlər barədə İdarə heyəti üzvlərinə ətraflı məlumat verilib. Qeyd edilib ki, Türkiyənin Əskişəhər bölgəsinə qədər olan birinci faza üzrə işlərin təqribən 99%-i yekunlaşıb. Avropaya qədər olan işlərin isə təqribən 80%-i həyata keçirilib. Ümumilikdə layihə üzrə işlərin 93%-dən çoxu tamamlanıb. Hazırda bütün işlər ilkin qrafikə uyğun şəkildə, yüksək dəqiqlik və tikinti keyfiyyəti nəzərə alınaraq davam etdirilir.

TANAP-ın idarə heyətinin sədri, SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Cari ilin ikinci yarısından etibarən əvvəlcədən planlaşdırıldığı kimi TANAP-la 6 milyard kubmetr həcmində qaz Türkiyəyə ixrac olunacaq. Tikinti işlərinin qrafikə uyğun olaraq vaxtında və yüksək keyfiyyətlə tamamlanması üçün bütün tərəflər üzərlərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməlidirlər”.

Xatırladaq ki, 2015-ci ildə təməli qoyulan 1850 kilometrlik TANAP vasitəsi ilə başlanğıcda ildə 6 milyard kubmetr həcmində qaz Türkiyəyə ötürüləcək, 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaq. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 mlrd. kubmetrə çatdırıla bilər.

Layihədə SOCAR 58, BOTAŞ 30 və BP isə 12 % paya malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır