İqtisadiyyat naziri Şahin Mustafayev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Müsaid İbrahim Abdullah əs-Süleymi qəbul edib.
Görüşdə Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Respublikası Prezidentinin Səudiyyə Ərəbistanına rəsmi səfərinin, aparılan danışıqların mühüm əhəmiyyətini vurğulayıb, yüksək səviyyəli siyasi münasibətlərin iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaratdığını diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan və Səudiyyə Ərəbistanı biznes dairələri arasında əlaqələr uğurla inkişaf edir, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Bakıda və Əl-Riyadda biznes forumlar, ötən ilin dekabrında Səudiyyə Ərəbistanına ixrac missiyası təşkil edilib. Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 2018-ci ilin iyununda Bakıda keçirilməsi nəzərdə tutulan iclası çərçivəsində növbəti biznes forum təşkil ediləcəkdir. Səudiyyə Ərəbistanı şirkətləri Azərbaycan iqtisadiyyatına sərmayələr yatırır, Səudiyyə İnkişaf Fondu ilə su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması, məktəb tikintisi, kanal və yol tikintisi sahələrində uğurlu maliyyə əməkdaşlığı həyata keçirilir. Son illərdə Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artıb. Birbaşa aviareysin açılması bu sahədə əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli ola bilər.
Görüşdə İqtisadiyyat naziri Şahin Mustafayev Səudiyyə Ərəbistanı tərəfinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyə və Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyinə görə təşəkkür edib.
Səfirlə 5-ci dəfə görüşdüyünü xatırladan Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin genişlənməsində Müsaid İbrahim Abdullah əs-Süleyminin Azərbaycanda uğurlu fəaliyyətini qeyd edib, gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb. Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müsaid İbrahim Abdullah əs-Süleym qəbula görə təşəkkür edib, Azərbaycanda səfir kimi fəaliyyətindən məmnunluğunu ifadə edərək, ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.