İki nazirlik arasında əməkdaşlıq memorandumu imzalanıb

İki nazirlik arasında əməkdaşlıq memorandumu imzalanıb.

Aprelin 3-də Vergilər və Təhsil nazirlikləri arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib. İmzalanma mərasimində Vergilər və Təhsil nazirliklərinin rəhbərliyi, ali məktəblərin rektorları, SABAH qruplarının İcra Komitəsinin üzvləri və tələbələr iştirak ediblər.

BBN.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə vergilər nazirinin müavini Sahib Ələkbərov, təhsil nazirinin müavini Firudin Qurbanov, SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə çıxış ediblər.

Bildirilib ki, ölkəmizdə işəgötürənlərlə təhsil alanlar arasında effektiv əlaqənin qurulmasını nəzərdə tutan yeni bir layihəyə start verilib. Bu layihə ali təhsil ocaqlarında xüsusi istedadlı tələbələr üçün yaradılmış SABAH qruplarında təhsil alan gənclərin gələcək hazırlığı ilə bağlıdır. Layihə gənclərin tədris dövründə inkişafını, təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşdirilməsi və möhkəmləndirilməsini, peşəkar kadr kimi yetişdirilməsini, potensialı olan gənclərin gələcəkdə vergi xidmətində işə cəlb edilməsi üçün ilkin hazırlığını nəzərdə tutur.

Qeyd edilib ki, bu layihənin həyata keçirilməsi ölkədə kadr hazırlığında yeni bir yanaşmanı müəyyən edəcək, insan resurslarının dövlət qurumlarının və əmək bazarının tələbatları nəzərə alınmaqla savadlı, bacarıqlı və hazırlıqlı kadr kimi yetişdirilməsinə şərait yaradacaq.

Əməkdaşlıq çərçivəsində qarşıdakı dövrdə tələbələrə istehsalat təcrübəsi dövrünü Vergilər Nazirliyində keçirmələri üçün şərait yaradılacaq, müasir standartlara cavab verən kadr hazırlığı proqramları, təhsil müəssisələri üçün vahid vergi proqramının tərtibi və digər sənədlər hazırlanacaq, müəllim və tələbə heyəti bu qurum tərəfindən keçirilən təlim və seminarlara cəlb ediləcəklər.

Çıxış edən natiqlər layihənin elm, təhsil və təcrübənin bir-birini tamamlamasına xidmət etdiyini və gələcək peşəkar kadrların yetişdirilməsinə böyük təkan verəcəyini bildiriblər.

Qeyd edək ki, sonra Vergilər və Təhsil nazirlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi vergilər nazirinin müavini Sahib Ələkbərov və təhsil nazirinin müavini Firudin Qurbanov imzalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır