Sumqayıt Kimya Sənaye Parkı “Bakı Ekspo” Sərgi Mərkəzində keçirilən 25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində öz stendi ilə təmsil olunur. Stenddə Sumqayıt Kimya, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları, həmin parkların rezidentləri, onların məhsulları, parkda iş adamlarına təklif olunan güzəştlər barədə məlumatlar yer alır. Stenddə Sumqayıt Kimya Sənaye Parkını əks etdirən video çarx nümayiş etdirilir.
Stenddə həmçinin, Sumqayıt Kimya Sənaye Parkının Baş Planının əks olunduğu interaktiv monitor quraşdırılıb ki, ziyarətçilər burada sənaye parkının Sosial və Sənaye zonalarında yerləşək obyektlər haqqında ətraflı məlumat əldə edə bilərlər.
Sərgidə Sumqayıt Kimya Sənaye Parkının rezidentləri – “Azertexnolayn” MMC, “SOCAR Polymer” MMC və “STP” MMC, Qaradağ Sənaye Parkının rezidenti Bakı Gəmiqayırma Zavodu da öz stendi ilə təmsil olunur.
Qeyd edək ki, 2013-cü ildən Beynəlxalq “Xəzər Neft və Qaz” Sərgisində iştirak edən və 17 rezidenti olan Sumqayıt Kimya Sənaye Parkında hazırda 6 müəssisə fəaliyyət göstərir. 2018-ci ildə daha 7 müəssisənin istifadəyə verilməsi nəzərdə tutulur.