Statistika Komitəsinin sədri Misirin ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

İyunun 5-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Misir Ərəb Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim ilə görüşüb.

BBN.az xəbər verir ki, Adel İbrahimi salamlayan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Dövlət Statistika Komitəsinin fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi tədbirlər, milli statistika sisteminin təkmilləşdirilməsi ilə bağlı islahatlar barədə məlumat verib, fəal beynəlxalq əməkdaşlıq məsələləri və statistika sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb.

Misir Ərəb Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim öz növbəsində səmimi görüşə görə təşəkkür edib. Səfir Azərbaycanda həyata keçirilən quruculuq işləri və inkişaf templərinin onda xoş təəssürat yaratdığını vurğulayıb. O, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin dinamik inkişafının yüksək qiymətləndirildiyini, iqtisadi əlaqələrin genişləndirilməsinə səy göstərəcəyini bildirib.

Görüşdə hər iki ölkənin statistika qurumları arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır