İnflyasiyanın azalması prosesi davam edir.
BBN.az xəbər verir ki, 2018-ci ilin 5 ayında orta illik inflyasiya 3.2% təşkil edib. Dövr ərzində əhalinin nominal gəlirlərinin artım tempi qiymətlərin ümumi səviyyəsinin artım tempini üstələyib.
İnflyasiya manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, pul təklifinin optimal səviyyədə idarə olunması və inflyasiya gözləntilərinin azalması kimi amillərin təsiri altında azalır. Əlavə olaraq may ayından başlayaraq mövsümi amillər də inflyasiyanın azalmasını dəstəkləyir. Ev təsərrüfatları və real sektor müəssisələri arasında aparılmış monitorinqlər göstərir ki, inflyasiya gözləntiləri son illərin minimumuna enib.
Son proqnozlar makroiqtisadi meyillərin cari dinamikasının saxlanması halında 2018-ci ilin sonuna inflyasiyanın birrəqəmli səviyyədə və hədəf intervalında qalacağını göstərir. İnflyasiyanın başlıca risklərinə əsas ticarət tərəfdaşlarında inflyasiyanın yüksəlməsi, yerli istehsal xərclərinin artması, fiskal genişlənmə və bu əsasda məcmu tələbin artması, məzənnə və inflyasiya gözləntilərinin assimmetrik həssaslığı aiddir.