Azərbaycandan Vyetnama ixracın həcmi 55 mln. dollar olub

Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikası arasında iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclasında iştirak məqsədilə Vyetnamın sənaye və ticarət naziri Tran Tuan Anhın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

BBN.az xəbər verir ki, ikitərəfli görüşdən sonra Azərbaycan Respublikasının energetika naziri, Hökumətlərarası Komissiyanın həmsədri Pərviz Şahbazov və Tran Tuan Anhın həmsədrliyi ilə komissiyanın iclası keçirilib. Pərviz Şahbazov Azərbaycanla Vyetnam  arasında münasibətlərin inkişafında iki ölkə prezidentləri, eləcə də digər yüksək səviyyədə  qarşılıqlı səfərlərin mühüm rolunu qiymətləndirərək, ölkəmizdə sosial-iqtisadi, neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, beynəlxalq tranzit imkanları barədə ətraflı məlumat verib.

Komissiyanın Vyetnam tərəfindən həmsədri, Tran Tuan Anh modenləşmə prosesləri nəticəsində ölkəsinin əldə etdiyi sosial-iqtisadi nailiyyətlər, eləcə də dünya iqtisadiyyatına inteqrasiya istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Sonra Hökumətlərarası Komissiyanın 2017-ci il yanvarın 16-da Hanoy şəhərində keçirilmiş 1-ci iclasının Protokolunda qeyd olunan müvafiq sahələr üzrə görülmüş işlər müzakirə edilib. Ticarət-iqtisadiyyat sahəsində əlaqələrin hazırki vəziyyəti nəzərdən keçirilib. Qeyd olunub ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 101 mln. ABŞ dolları olub. Azərbaycandan Vyetnama ixracın həcmi 55 mln. ABŞ dolları, Vyetnamdan idxalın həcmi isə 46 mln. ABŞ dolları olub. Azərbaycanla Vyetnam arasında əməkdaşlığın istiqamətlərindən biri kimi enerji sektoruna da diqqət yetirilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Vyetnamın Neft və Qaz Qrupu (PVN), eləcə də digər şirkətləri arasında əməkdaşlıq yüksək qiymətləndirilib. Neft-qaz sahəsində yeni texnologiyaların tətbiqi, enerji səmərəliliyi və bərpa olunan enerji mənbələri üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Bundan başqa, iki ölkə arasında əməkdaşlığın müqavilə-hüquq bazasının genişləndirilməsi və təkmilləşdirilməsi, investisiya, nəqliyyyat, kənd təsərrüfatı, ətraf mühit, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri, əlaqələrin inkişafı istiqamətləri barədə müzakirələr aparılıb.

Tədbirin sonunda Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri–Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Vyetnamın sənaye və ticarət naziri Tran Tuan Anh imzalayıb. Sənəd siyasi, ticarət, investisiya, enerji, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya, yüksək texnologiyalar, mədəniyyət, turizm, idman, elm, təhsil, ətraf mühitin mühafizəsi və digər sahələrdə əməkdaşlığı əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır