Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən 1055,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 29,3 faizi Rusiya Federasiyası, 22,0 faizi Gürcüstan, 12,1 faizi İran, 11,3 faizi Türkiyə, 4,0 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,0 faizi Ukrayna, 1,8 faizi İraq, 17,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 67,8 faizini kişilər, 32,2 faizini isə qadınlar təşkil edib.
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 17,6 faizi yanvar, 15,8 faizi fevral, 26,2 faizi mart, 20,7 faizi aprel, 19,7 faizi isə may ayında ölkəyə gəlib.
Cari ilin yanvar-may aylarında Körfəz ölkələrindən (İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib.
Qeyd edək ki, ötən ilin yanvar-may ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6,0 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,4 dəfə, Qətər və Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 1,5 dəfə, Oman vətəndaşlarının sayı 32,4 faiz, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 6,8 faiz artıb. İrandan gələnlərin sayında 11,3 faiz azalma müşahidə edilib.