“ABAD” tərəfindən dəstəklənən ailə təsərrüfatlarının istehsal etdiyi yeni çeşid məhsulları satışa çıxarılıb.
Belə ki, artıq “Bravo” marketlər şəbəkəsində Masallı, Balakən və Bakıdan olan bu ABADçıların yüksək keyfiyyətli ət və süd məhsulları öz alıcılarını gözləyir.
BBN.az ASAN Xidmətə istinadən xəbər verir ki, publik hüquqi şəxsdən dəstək alan ailə təsərrüfatlarının istehsal etdiyi məhsullar “ABAD”ın təqdim etdiyi zəruri avadanlıqlarla təchiz edilən mobil konteynerlərdə istehsal edilir. Məhsullar texniki qaydaların tələblərinə uyğun olaraq bütün sertifikatlaşdırma testlərini keçib. “ABAD” leyblı altında buraxılan bütün məhsulların keyfiyyətinə xüsusi diqqət yetirilir.
Eyni zamanda satışa “Şirindil” brendi altında qənnadı məhsulları, “Avey” adı altında spirtli içkilər, “ABAD” və BMT-nin İnkişaf Proqramı əməkdaşlığı çərçivəsində ərsəyə gələn bal brendləri də satışa çıxarılıb: “Babadağ”, “Sarı gəlin”, “Balçı”, “Faydalı”, “Kəhraba”, “1001 çiçək”.
Xatırladaq ki, “ABAD” publik hüquqi şəxsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 23 sentyabr 2016-cı ildə yaradılıb. Məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verərək, sosialyönümlü layihələrin həyata keçirilməsidir.
“ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir. Hazırda qida məhsulları sahəsində satışda 28 brend təqdim olunur.