Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Avropa İttifaqının birgə təşkilatçılığı ilə Bakıda “Azərbaycanda elektron ticarət: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda “dəyirmi masa” keçirilib.
BBN.az xəbər verir ki, tədbir NRYTN və Aİ tərəfindən 2017-ci ildən reallaşan “Azərbaycan Respublikasında elektron xidmətlərin və elektron ticarətin inkişafının gücləndirilməsi” layihəsi çərçivəsində baş tutub.
“Dəyirmi masa”nın məqsədi milli elektron ticarətin inkişafı istiqamətində müxtəlif dövlət qurumlarının səylərini birləşdirəcək platforma təklif etmək, elektron ticarət sahəsində kiçik və orta sahibkarların üzləşdiyi mövcud maneələri və fəaliyyət məhdudiyyətlərini müzakirə edərək təkliflər hazırlamaqdır.
Dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektorun nümayəndələrinin iştirak etdiyi tədbir “E-kommersiya biznesinin (təchizat zənciri, logistika və s.) inkişafı məqsədilə kiçik və orta sahibkarlığa dövlət dəstəyi”, “E-kommersiya biznesi qurarkən kiçik və orta sahibkarların üzləşdiyi mövcud maneələr, fəaliyyət məhdudiyyətləri və bu maneələrin aradan qaldırılması yolları”, “E-kommersiya sahəsində qabaqcıl beynəlxalq təcrübə” kimi mövzuları əhatə edib. “Dəyirmi masa”da, həmçinin “Bakı E-kommersiya Forumu-2018” layihəsinin təqdimatı keçirilib.
R.Quluzadə qeyd edib ki, iqtisadiyyatın diversifikasiyası, sahibkarlığın və qeyri-neft sektorunun inkişafı Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindəndir: “Son illərdə ölkədə elektron ticarət sürətlə inkişaf edir. 2016-cı ildə Azərbaycanda pərakəndə elektron kommersiya dövriyyəsi 25 613 000 manat, 2017-ci ildə isə 46 227 000 manat olub. Hazırda BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) B2C elektron kommersiya indeksində Azərbaycan 144 ölkə arasında 68-ci yerdədir” – deyə nazir qeyd edib.
Daha sonra Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edib. Azərbaycanın Aİ üçün vacib partnyor olduğunu qeyd edən səfir bu əməkdaşlığın 20 ildən artıq davam etdiyini bildirib. Elektron kommersiya sahəsində ölkəmizin bir çox nailiyyətlər əldə etdiyini də deyən K.Yankauskas Azərbaycanın nəqliyyat qovşağına çevrilməsi üçün regional və coğrafi üstünlüyə malik olmasını vurğulayıb: “Dünyanın qloballaşması texnologiyaların paylaşmasını zəruri edir və bu gün bütün dünyada xidmətlər rəqəmsallaşır. Azərbaycan da bu açıq rəqabətə girməlidir. Bu baxımdan, “Azərbaycan Respublikasında elektron xidmətlərin və elektron ticarətin inkişafının gücləndirilməsi” layihəsi çox vacibdir. Artıq iki ildir ki, həyata keçirilən bu layihə çərçivəsində xeyli nailiyyətlər əldə olunub və biz bundan sonra da ən yaxşı təcrübələri Azərbaycana gətirməyə hazırıq”