Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NYRTN) “Microsoft” şirkəti ilə dövlət strukturları üçün proqram təminatı lisenziyalarının alınması haqqında 3 illik saziş imzalayıb.
BBN.az xəbər verir ki, tərəflər arasında əldə olunan razılığa əsasən, dövlət qulluqçularının kompüterlərini (20,000 lisenziya) “Microsoft” proqram təminatı lisenziyaları (Windows Pro, Office 365 ProPlus, Core CAL) ilə təmin etmək, habelə ali təhsil müəssisələrini akademik güzəşt ilə lisenziyalaşdırmaq (10,000 lisenziya) nəzərdə tutulub.
Bundan əlavə, sazişin bağlanması zamanı “Microsoft” şirkəti tərəfindən təqdim olunan “Tələbə Üstünlükləri” proqramından da yararlanaraq Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinin tələbələri üçün (~150.000 nəfər) əlavə olaraq pulsuz “Microsoft Windows” və “Microsoft Office” proqram təminatı əldə olunub.
Sözügedən sazişə əsasən, NRYTN və “Microsoft” dövlət strukturlarında proqram təminatının lisenziyalaşdırılması ilə bağlı əməkdaşlığın ikinci mərhələsini reallaşdıracaq. Belə ki, 2011-ci ildə artıq 10000 kompüter dövlət qurumlarının icra aparatlarında istifadə olunmaq üçün lisenziyalaşdırılaraq (Windows, Office ProPlus və Core CAL) istifadəyə verilmişdi.
“IDC (International Data Corporation)” şirkətinin 2017-ci il üzrə araşdırmasına əsasən, Azərbaycan üzrə lisenziyasız proqram təminatından istifadədə əvvəlki illərə nisbətən azalma müşahidə olunub. Tələb olunan lisenziyaların əksər hissəsi isə, məhz “Microsoft” (Windows və Office) şirkətinin məhsullarıdır.
Adıçəkilən saziş nəticəsində əldə olunan lisenziyalı proqram təminatının dövlət qulluqçuları tərəfindən istifadə olunması informasiya sistemlərinin və şəxsi məlumatların beynəlxalq kiberhücumlardan qorunma səviyyəsini artıracaq. Təhsil müəssisələrinin lisenziyalaşdırılması isə tələbə və müəllimlərə lisenziyalı proqram təminatından istifadə etməyə imkan verəcək. Bu da öz növbəsində, özəl sektorda və ümumilikdə ölkə üzrə lisenziyasız proqram təminatından istifadə səviyyəsinin 3 il ərzində kəskin azalmasına gətirib çıxaracaq.
Sazişin əsas məqsədi bu sahədə xərclərə qənaət etmək, ölkənin əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı reytinqlərdə mövqeyini yaxşılaşdırmaq, innovasiya ekosistemini inkişaf etdirmək, bu sahəyə xarici investisiyalar cəlb etmək, habelə ölkədə elektron xidmətlərdən istifadə sayını artırmaqdır.