“Rabitəbank” və “Unibank” birgə sindikatlaşdırılmış kreditlər vermək haqqında qərar qəbul edib. Bununla bağlı bank rəhbərləri arasında birgə sindikatlaşdırılmış kreditlərin verilməsini nəzərdə tutan “Niyyət protokolu” imzalanıb.
Sindikatlaşdırılmış kredit adətən biznes müştərilərinə iki və daha artıq bank tərəfindən ayrılan kreditdir. Bu cür əməkdaşlıq nəticəsində hər iki bank öz biznes müştərilərinin ehtiyaclarını daha geniş həcmdə qarşılamaq iqtidarında olacaq. Bununla da müştərilər ücün daha böyük həcmli və daha uzun müddətli inkişaf planları həyata kecirmək imkanları yaradılacaq. Bu cür kreditlərin digər məqsədi böyük məbləğdə kredit vəsaitləri ilə bağlı risklərin iştirakçı banklar arasında bölüşdürülməsidir. Bu gün bazarda biznes sahiblərinin böyük həcmli kreditlərə tələbatını qarşılamaq üçün sindikatlaşdırılmış kreditlərə çox ehtiyac var. Bu baxımdan Unibank və Rabitəbank arasında bu istiqamətdə başlanan əməkdaşlıq həm biznes sahibləri, həm də bank sektorunda aktivliyin artması baxımından çox faydalı olacaq.
“Unibank” KB ASC İdarə Heyətinin sədri Faiq Hüseynov bu əməkdaşlığı yüksək qiymətləndirib: “Dünya bank bazarında geniş tətbiq olunan bu kredit məhsulunun ölkəmizdə də istifadəsini təcrübədən keçirən ilk banklar siyahısında olmaq çox xoşdur. Bu əməkdaşlıq bizə daha böyük biznes layihələrini birgə maliyyələşdirməyə, biznesin ehtiyac duyduğu böyük pullara tələbatın qarşılanmasına imkan yaradacaq. İnanıram ki, müstəqil Azərbaycan bankçılığında böyük təcrübəyə malik iki bank – Unibank və Rabitəbankın böyük biznes layihələrini dəstəkləməsi, bank sektorunda yeni trendlər yaradacaq.
“Rabitəbank” ASC İdarə Heyətinin sədri Elçin Qədimov da hesab edir ki, böyük məbləğdə kreditlərin ayrılması zamanı risklərin tərəfdaş banklar arasında bölüşdürülməsinə imkan verən sindikatlaşdırılmış kreditlər, ölkəmizdə böyük biznesin inkişafı istiqamətində daha bir töhfə olacaq: “Azərbaycanın zəngin bankçılıq ənənələrinə malik iki bankının bu əməkdaşlığı, bizneslər üçün iri həcmli maliyyə vəsaitlərini daha da əlçatan edəcək. Sindikatlaşdırımış kredit, sahibkar üçün daha böyük həcmdə layihələrin həyata kecirilməsi imkanlarının artması ilə yanaşı, ümumi iqtisadi inkişafa və məşğulluğun artmasına da dəstək olacaq.”