21 sentyabr 2018-ci il tarixindən etibarən Səyyar ASAN xidmət çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Goranboy rayonunda səyyar formada xidmətlər həyata keçirilir.
BBN.az xəbər verir ki, xüsusi tərtibatla hazırlanmış səyyar avtobusla tam şəkildə “ASAN Xidmət”və“ASAN Kommunal” standartlarına uyğun xidmətlərin göstərilməsi təmin edilir. (Goranboy rayonu Dəliməmmədli şəhəri Peşə məktəbinin həyətində, xidmətin müddəti 02.10.2018 tarixədək davam edəcək)
İstehlakçılar bu layihə çərçivəsində itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər.
Əsas hədəflərdən biri də regionlarda açılacaq “ASAN Kommunal” Mərkəzlərində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müvafiq xidmətlərin təmin edilməsidir.
Səyyar ASAN xidmətin həyata keçirilməsində əsas məqsəd “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.