SOCAR-ın “Azəriqaz”İstehsalat Birliyi tərəfindən 2018-ci il oktyabrın 03-də Gədəbəy rayonunun Fərzalı, Çay Rəsullu, İsalı, Göyəlli, Göyəmli, Zamanlı, Arabaçı, Bəydəmirli və Turşsu kəndlərinə təbii qaz verilib.
BBN.az xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 852 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 106 541 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Bundan əlavə Gədəbəy rayonunun Şınıx bölgəsində Sonalar, Hacılar, Mormor, Cücanlı, Əyridərə, Qaravəlilər, Məmmədcəfərli, Dördlər, Qasımlı, Motudərə və rayonun Çaldaş və Səbətkeçməz kəndlərində qazlaşdırma işləri son tamamlanma mərhələsindədir. Tezliklə qeyd olunan yaşayış məntəqələrinə də təbii qazın verilişi təmin olunacaq. Qeyd olunan bölgədə yerləşən kəndlərə təbii qazın çəkilişi əhalinin həyat şəraitinin yaxşılaşmasına və ekologiyanın qorunmasına xidmət edəcək.