Şabranda yekunlaşan torpaqların elektron kadastr uçotu işləri ilə nələr əldə olunacaq?

Şabran rayonunda torpaqların elektron kadastr uçotunun nəticələrinin real iş rejimində istifadəsinə start verilib.

BBN.az xəbər verir ki, bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Şabranda İctimai təqdimat keçirilib. Təqdimat aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, rayon İcra Hakimiyyətinin nümayəndələrinin, eləcədə bələdiyyələr, müəssisə, idarə, təşkilat və media nümayəndələrinin marağına səbəb olub.

Tədbirdə Şabran rayonunu əhatə edən elektron kadastr uçotu işlərinin ayrı-ayrı sahələrə verəcəyi real faydalar, əldə edilən nəticələrin istifadə qaydaları izah edilib, alınan göstəricilər nümayiş olunub.

Bildirilib ki, digər rayonlarda olduğu kimi burada da mülkiyyət mənsubiyyətindən asılı olmayaraq torpaqların sərhədləri müəyyən edilib. Heç bir torpaq sahibi digər ərazini qanunsuz olaraq istifadə edə bilməyəcək. Bu kimi hallar tamamilə aradan qalxır. Eyni zamanda, rayonun torpaq fondunda müxtəlif kateqoriyalara aid, o cümlədən kənd təsərrüfatı, sənaye təyinatlı ərazilərin həcmi müəyyən olunub.

Layihənin həyata keçirilməsi bölgədə bələdiyyə, relyef, meyillilik xəritələrinin də tərtib edilməsini mümkün edib. Eyni zamanda, torpaqların müqayisəli qiymətləndirilməsini, bonitirovkasını həyata keçirməyə imkan verən xəritələr də mütəxəssislər tərəfindən hazırlanıb.

Reallaşan uçot işləri Şabran rayonunun bələdiyyə hüdudları daxilində torpaq islahatına cəlb edilmiş 80 min hektara yaxın­­­­ torpaq sahəsinin mövcudluğunu öyrənməyə imkan verib. Bəlli olub ki, 35,8 min hektar­­­­ bələdiyyə, 22,1 min hektar­­­­ dövlət, 20 min hektar­­­­ özəl torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 54 min hektara yaxını (69.3%-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 23,9 min hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı aparılan zaman rayon üzrə əkin sahələri 21,5 min hektar olduğu halda, elektron uçot aparılan zaman bu ərazilər digər uqodiyaların hesabına artaraq 23,9 min hektar olub. Uçot işləri zamanı müəyyən edilib ki, torpaq payı almış ailələrdən 8 minə yaxının torpaq ölçüləri 1 hektaradəkdir. Bu da onu göstərir ki, torpaq sahələrinin konsolidasiyasına, birləşməsinə ehtiyac vardır.

Layihənin reallaşdığı müddət ərzində Şabran rayonunda torpaqların kəmiyyət göstəriciləri ilə bərabər, keyfiyyət göstəricilərinin də uçotu aparılıb. Yay otlaqlarının geobotanik, torpaqların isə eroziya xəritələrinin tərtib edilməsi ərazilərin münbitliyini, torpaqların isə şorlaşmaya məruz qaldığını müəyyən etməyə imkan verir. Belə xəritələr kəndliyə torpağı hansı fermer təsərrüfatına cəlb edəcəyi ilə bağlı iqtisadi planlama üçün yardım edir. Eləcə də torpaqda düzgün aqrokimyəvi tədbirlərin görülməsinə imkan verir. Torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı məlumat bazasının yaradılması da rayon ərazilərindən kənd təsərrüfatı sahəsində istifadəni səmərəli edir.

Qeyd edilməlidir ki, bu günə qədər torpaqların elektron kadastr uçotu işlərinin praktiki istifadəsi 24 rayonda reallaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır