“Enterpriseazerbaijan.com” portalı “İnnovativ startapları necə inkişaf etdirməli?” mövzusunda təlim keçirib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Enterpriseazerbaijan.com” portalının təşkilatçılığı ilə “İnnovativ startapları necə inkişaf etdirməli?” mövzusunda təlim keçirilib. Təlimi Türkiyənin Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş icraçı direktoru, Harvard məzunu Ussal Şahbaz aparıb. Müzakirələrdə biznes ideyalarının müəllifləri, startapçılar və gənc sahibkarlar iştirak edib.

Təlim zamanı uğura gedən yolda startapların diqqət yetirməli olduğu fundamental məqamların bu istiqamətdə ən uğurlu nümunələri müqayisəli şəkildə təhlil edilərək təyin edilməsi və tətbiqi yolları praktiki misallar və infoqrafikalarla izah edilib. Biznesə yeni başlayan gəncləri daha çox maraqlandıran startapçının ilk addımları hansılar olmalıdır? Startapın dostları kimlərdir? Kimlərlə və hansı formada əməkdaşlığın qurulması faydalıdır? kimi suallara cavab verilib. Bundan başqa, yeni texnologiyaların inkişafının, süni intellektin tətbiq dairəsinin genişlənməsinin biznes sahəsində yaratdığı nəticələrdən, uğurlu biznes qurulmasında bu inkişafdan müsbət istiqamətdə yararlanmağın yollarından danışılıb.

“Enterpriseazerbaijan.com” portalının meneceri Aytən Məmmədova bildirib ki, Portal yarandığı gündən etibarən xarici təcrübənin öyrənilməsi ilə bağlı ciddi addımlar atır və bu təcrübənin də startupçılara ötürülməsi üçün bu tip təlim və seminarları təşkil edir: “Ussal Şahbazın düşüncə lideri kimi böyük təcrübəyə malik olduğunu nəzərə alaraq, bu təlimin startapçıların yeni fikir, ideya və məlumat əldə etməsi baxımından yaxşı fürsət olduğunu düşünürük”

Qeyd edək ki, Ussal Şahbazın karyerası korporativ, qeyri-kommersiya və siyasət dünyasında liderlik mövqeyini əhatə edir. Onun fəaliyyəti barədə Foreign Affairs, Forbes ABŞ, Techcrunch və Wamda kimi beynəlxalq media quruluşları məqalələr yazıblar. Ussal Şahbaz ABŞ Prezidentinin Sahibkarlıq Zirvəsi, Biznes 20 Çin, Qlobal Sahibkarlıq Sammiti Moskva, Ərəbnet Dubay, 5-ci İzmir Milli İqtisadiyyat Konqresi və digər tədbirlərdə məruzəçi olub. Son iki il ərzində Ussal GE-nin İstanbul İnnovasiya Mərkəzinin direktoru olmuşdur. Bundan əvvəl Ussal Google, Microsoft və Paypal şirkətlərinin məsləhətçisi kimi fəaliyyət göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır