Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində ölkəmiz “Doing Business 2019” hesabatında müxtəlif parametrlər üzrə, o cümlədən əmlakın qeydiyyatı sahəsində xeyli irəliləyib. Belə ki, əmlakın qeydiyyatının sadəliyinə görə Azərbaycan ötən illə müqayisədə daha 4 pillə irəliləyərək 190 ölkə arasında 17-ci yerdə qərarlaşıb. Bu göstərici ilə isə ölkəmiz Polşa, Rumıniya, Bolqarıstan, bəzi Avropa və Mərkəzi Asiya ölkələrini qabaqlayıb. 2019-cı il üçün tərtib edilən hesabatda bildirilir ki, Azərbaycan mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı prosedurların sayının azlığına, müddətin qısalığına və qeydiyyat xərclərinin azlığına görə, dünyanın və MDB-nin əksər ölkələrindən irəlidədir.
«Doing Business 2019» hesabatına əsasən, Azərbaycanda əmlakın qeydiyyatı üçün cəmi 3 prosedurdan keçmək tələb olunur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olan ölkələr üzrə bu 4.7, Avropa və Mərkəzi Asiya regionunda isə 5.3 təşkil edir. Bu göstəriciyə görə, ölkəmiz Polşa, Rumıniya və Bolqarıstan kimi inkişaf etmiş ölkələri qabaqlayır.
Digər tərəfdən «Doing Business 2018» hesabatına əsasən ölkəmizdə qeydiyyat üçün 5,5 gün tələb edilir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olan ölkələr üzrə bu müddət 20,1 gün, Avropa və Mərkəzi Asiya regionu üçün isə 20,3 gün təşkil edir. Başqa sözlə, Azərbaycanda əmlakın qeydiyyatı müddəti Avropa üzrə ümumi göstəricidən 4 dəfə daha sürətlidir.
Azərbaycan əmlakın qeydiyyatı zamanı tələb olunan xərclərin azlığına görə də, dünya və Avropa ölkələrinin əksəriyyətini qabaqlayır. Hesabata əsasən, Azərbaycanda əmlakın qeydiyyatına çəkilən xərclərin məbləği əmlakın ümumi dəyərinin cəmi 0,1%-ni təşkil edir. Qeyd edək ki, İƏİT ölkələri üzrə bu göstərici əmlakın dəyərinin 4,2%-i qədər, Avropa və Mərkəzi Asya regionu üçün isə 2,6%-nii əşkil edir.
30 ballıq şkala ilə qiymətləndirilən torpaq idarəetmə sisteminin keyfiyyət göstəricisinə görə isə ölkəmiz 17,5 bal toplayıb. Bu onu göstərir ki, ölkəmizdə bu sahədə infrastrukturun etibarlılığı, məlumatların “şəffaflığı” təmin edilib, coğrafi əhatə dairəsi genişləndirilib, torpaq mübahisələrinin həlli mexanizmləri təkmilləşdirilib və əmlaka sahib olma imkanları artırılıb. Müqayisə üçün qeyd edilməlidir ki, İƏİT ölkələri üzrə bu göstərici 23.0, Avropa və Mərkəzi Asya regionu üzrə isə 19.6 təşkil edir.
«Doing Business 2019» hesabatında Azərbaycanın əldə etdiyi yüksək göstəricilər əmlakın qeydiyyatının sadələşdirilməsinin, vətəndaş amilinin gücləndirilməsi, o cümlədən sosial kampaniyaların keçirilməsi, intensiv elektronlaşmanın tətbiq edilməsinin nəticəsidir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı üzrə 26 elektron xidmət istifadəyə verilməsi, çıxarışların verilmə müddətinin 1 iş günü müddətinədək azaldılması, o cümlədən elektron çıxarış sisteminin tətbiq edilməsi, arxivləşdirilmənin elektron qaydada həyata keçirilməsi vətəndaş məmnunluğunun artmasına imkan verdi. Elektron çıxarışın tətbiqi təkrar qeydiyyat sahəsində prosedurları tam olaraq avtomatlaşdırıb. Bundan başqa “Əmlakın qeydiyyatı kalkulyatoru” daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqının əvvəlcədən öyrənilməsinə, xərclərin öncədən hesablanmasına və vaxt itkisinin aradan qaldırılmasına imkan verdi. Komitənin onlayn xidmətləri də bu sahədə rahatlığı və operativliyi kifayət dərəcədə artırıb.
Qeydiyyat xidmətlərini vətəndaşa daha yaxın edən yeni sosial layihə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol”, eləcə də “Kütləvi çıxarış” kampaniyası əhalinin bütün təbəqələrini əhatə etməkdədir.
Əmlak Məsələləri Dövlət Komitəsi bundan sonra da vətəndaş məmnunluğunun təmin edilməsi, şəffaflığın və operativliyin daha da artırılması, xidmətlərə olan əlçatanlığın yüksəldilməsi istiqamətində genişmiqyaslı tədbirləri davam etdirəcəkdir.