Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verdiyi “Milli İnternet Mükafatı – MilliNet 2018” üzrə internet resurslarının qeydiyyatı başa çatıb. Artıq 1-ci səsvermə mərhələsi başlayıb.Qeyd edək ki, müsabiqə qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçirilir.
BBN.az xəbər verir ki, bu il müsabiqəyə 19 nominasiya üzrə 406 internet resursu təqdim edilib. Qaydalara uyğun olmayan 104 internet resursunun müsabiqəyə qəbulundan imtina edilib. Mobil tətbiqlər üzrə 2 nominasiyada rəqabətli mühit formalaşmadığı üçün isə bu nominasiyalardakı resurslar digər uyğun nominasiyalara keçirilib. Beləliklə, internet resursları 17 nominasiya üzrə yarışmada iştirak edəcəklər.
Onlardan 164-ü saytlar, 37-si mobil tətbiqlər və 101-i sosial media resurslarıdır.
“MilliNet” Təşkilat Komitəsindən verilən məlumata görə, bu müddət ərzində saytlarını təqdim edənlər və müxtəlif problemlər səbəbindən Təşkilat Komitəsi tərəfindən müsabiqəyə buraxılmayanlar 1-ci səsvermə müddəti bitənədək problemləri aradan qaldırıb yenidən müraciət edə bilərlər.
1-ci mərhələ üzrə qiymətləndirmə prosesi dekabrın 2-si saat 00:00-da başa çatacaq. 1-ci mərhələ səsvermənin nəticələrinə əsasən, hər bir nominasiya üzrə nominantlar müəyyən olunacaq. Bu nominantlar içərisindən 2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar seçiləcək. 2-ci səsvermə prosesi dekabrın əvvəli başlayacaq və dekabrın 15-dək yekunlaşacaq.
Bu il saytları üç istiqamət üzrə 15 münsif, mobil tətbiqləri 5 münsif və sosial media resurslarını 3 münsif qiymətləndirəcək. Münsiflərə aidiyyəti olan hər hansı resursun müsabiqədə iştirakına yol verilmir. Münsiflərin verdikləri qiymətlər yalnız təqdimat mərasimindən sonra açıqlanacaq.
Qaliblərin mükafatlandırılması ilə bağlı təqdimat mərasiminin dekabrın sonunda keçirilməsi nəzərdə tutulub.Hazırda qeydiyyatdan keçən istifadəçilər müsabiqəyə qəbul edilən saytlara öz şərhlərini və rəylərini yaza bilərlər.
“MilliNet”in baş sponsoru “Azertelecom” şirkətidir. Eyni zamanda müsabiqəyə “Lenovo”, “BestComp”, İnnovasiyalar Mərkəzi, “NOVA” və “NEURON” şirkətləri də dəstək verirlər.