Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə “Ernst & Young” (EY) şirkəti arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub.
MBNP-nin mətbuat xidmətindən BBN.az-a bildiriblər ki, MBNP rəhbərliyi “Ernst & Young” şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru İlqar Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı qarşılıqlı əməkdaşlıq çərçivəsində görülən işlərə toxunulub, növbəti dövr üçün perspektivdə duran məsələlər müzakirə edilib.
Palatanın idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov ölkədə makroiqtisadi sabitliyin təmin olunması istiqamətində həyata keçirilən genişmiqyaslı islahatların maliyyə sisteminə müsbət təsirləri, bank sektorunda aparılan restrukturizasiya və sağlamlaşdırma tədbirləri, bank sektorunun cari göstəriciləri və digər yeniliklər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Palata ilə “Ernst & Young” şirkəti arasındakı mövcud əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirən İlqar Vəliyev gələcəkdə də təmsil etdiyi qurumun palata ilə sıx əməkdaşlıq etmək niyyətində olduqlarını vurğulayıb.
Görüşün sonunda palata ilə “Ernst & Young” (EY) şirkətinin əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər istiqamətlər üzrə məsələlərə dair fikir mübadiləsi aparılıb.