Dövlət Gömrük Komitəsində media qurumlarının rəhbərləri ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsində “Gömrük-Media” əməkdaşlığı çərçivəsində aparıcı media qurumlarının rəhbərləri ilə görüş keçirilib.

BBN.az xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev qonaqları salamlayaraq bildirib ki, 19-cu əsrin ikinci yarısında yaranan milli mətbuatımız milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin təbliği və qorunmasında, dövrün müasir dəyərlərinə inteqrasiya prosesində mühüm rol oynayıb, istər 20-ci əsrin əvvəllərində, istərsə də sonunda müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı mərhələlərində prinsipial mövqe nümayiş etdirib.

Komitə sədri vurğulayıb ki, müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev və onun ideyalarının sadiq daşıyıcısı Prezident İlham Əliyev daim media qurumlarının, jurnalistlərin problemlərinə həssaslıqla yanaşıb, milli mətbuatımızın inkişafı üçün xüsusi proqram və layihələr həyata keçirib, onların ən yaxın dostu olublar.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov son dövrlərdə gömrük orqanları ilə jurnalistlər, media qurumları arasındakı görüşlərin mütəmadi xarakter aldığını, bunun da gömrük orqanlarındakı şəffaflığın bariz nümunəsi olduğunu bildirib. Gömrük orqanlarının jurnalistlər üçün təşkil etdiyi təlim və seminarların əhəmiyyətindən bəhs edən Əflatun Amaşov bu tədbirlərin qarşılıqlı münasibətlərin sağlam zəmində qurulmasına şərait yaratdığını vurğulayıb və gömrük orqanlarında həyata keçirilən islahatların iqtisadiyyatın inkişafında, xarici ticarət dövriyyəsinin artmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır