Çinin hegemon təşkilatlarından olan “Alibaba”-nın maliyyə xidmətləri üzrə brend şirkəti olan “Ant Financial” uzunmüddətli danışıqlardan sonra Böyük Britaniyanın beynəlxalq valyuta transferi şirkəti olan “WorldFirst” şirkətini almağa nail olub.
Mobil ödəniş xidmətləri göstərən “Alipay” şirkətinin beynəlxalq bazarda yerini möhkəmləndirmək məqsədilə həyata keçirilən bu satınalmanın müqabilində “Alibaba” 700 milyon ABŞ dolları ödəyəcək.
2004-cü ildə fəaliyyətə başlayan “WorldFirst” şirkəti hal-hazırda qlobal bazarda 8 regional ofisi ilə fəaliyyət göstərir və illik maliyyə dövriyyəsi 15 milyard ABŞ dollarının üzərindədir.
Qeyd edək ki, “Alibaba” bundan əvvəl ABŞ mərkəzli valyuta transfer biznesi olan “MoneyGram” şirkətini satın almağa çalışsa da, bu cəhdi uğurla yekunlaşmayıb.