21-25 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrə Konfederasiyasının Davos şəhərinə səfər edib.
Səfərin məqsədi Davos Dünya İqtisadi Forumu çərçivəsində innovasiyalar və müasir texnologiyalar sahəsində ixtisaslaşmış qabaqcıl şirkətlər ilə görüşlərin keçirilməsi və gələcək əməkdaşlıq prespektivlərinin müzakirəsi olub.
Səfər çərçivəsində Forumun iştirakçısı olan İsveçrənin “SICPA” şirkətinin rəhbəri Filip Amon, “Ledgerstate” şirkətinin direktoru Jandricek Damir, Almaniyanın “SAP SE” şirkətinin vitse-prezidenti Peter Selfridge, Avstraliyanın “Blockchain Technology” şirkətinin rəhbəri Sam Lee, ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MİT) professoru, Rəqəmsal iqtisadiyyat proqramının həmtəsisçisi Endrü Makafi ilə görüşlər keçirilib. Həmçinin “Yeni Dünya: Qlobal vətəndaşlıq və rəqəmsal hökumət” mövzusunda təşkil edilmiş sessiyada iştirak edilib və bir sıra dövlət, şirkət nümayəndələrinə “ASAN xidmət”in fəaliyyəti barədə məlumat verilib.
Keçirilmiş görüşlər zamanı müvafiq sahələr üzrə ölkəmizdə həyata keçirilən islahatlar barədə ətraflı məlumat təqdim edilib, tərəflər arasında müasir texnologiyaların tətbiqi, innovasiyalar və startaplara dəstək sahəsində təcrübə mübadiləsi, investisiyaların cəlb edilməsi, həmçinin region səviyyəsində birgə fəaliyyətin təşkili ilə bağlı qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.
Tərəflər arasında təcrübə mübadiləsi və geniş əməkdaşlığın həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub.