2018-ci ilin dekabr ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb

31 dekabr 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,502.4 mln. manat, cəmi öhdəlikləri isə 25,430.6 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4,071.8 mln. manat olub. 2018-ci ilin dekabr ayı ərzində bank sektorunun aktivləri 1.1% (324.8 mln. manat), öhdəlikləri 0.6% (149.2 mln. manat), balans kapitalı isə 4.1% (175.6 mln. manat) azalıb. Dekabr ayında bankların kredit portfeli 3.7% (456.2 mln. manat) artaraq 12,628.3 mln. manat təşkil edib. Ümumilikdə isə 2018-ci ildə bank sektorunun kredit portfeli 11.4% (1,290.7 mln. manat) artıb.

Dekabr ayında fiziki şəxslərin əmanətləri 3.5% (279.8 mln. manat) artaraq 8,269.7 mln. manat təşkil edib. 2018-ci il ərzində isə fiziki şəxslərin əmanətlərində 9.6% (727.2 mln. manat) artım olub.

2018-ci ili bank sektoru mənfəətlə başa vurub. Banklar 694.6 mln. manat əməliyyat mənfəəti, 279.4 mln. manat məbləğində xalis mənfəət generasiya edib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 508, şöbələrinin sayı 130, ATM-lərin sayı 2,502 olub. Bank sektorunun işçi heyətinin artım trendi dekabr ayında da davam edib. Belə ki, dekabrda işçi sayı  0.5% (94 nəfər) artaraq 17 415 nəfər təşkil edib. Ümumilikdə isə 2018-ci ildə bank sektorunda çalışanların sayı 7.7% (1 244 nəfər) artıb.

31 dekabr 2018-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır