Dövlət Gömrük Komitəsinin nümayəndəsi beynəlxalq idarəetmə orqanına üzv seçilib

Fevralın 7-də Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) çərçivəsində BYD kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında Gömrük Konvensiyasının (BYD Konvensiyası, 1975-ci il) İnzibati Komitəsinin (AC.2) 69-cu sessiyası olub.

Sessiyada keçirilən seçkilərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Tranzit əməliyyatları şöbəsinin rəisi Fərid Vəliyev BYD İcraiyyə Şurasına (TIREB) üzv seçilib.

Qeyd edək ki, 9 üzvdən ibarət BYD İcraiyyə Şurasına seçkilər hər iki ildən bir BYD Konvensiyasının tərəfi olan dövlətlərin səsverməsi ilə keçirilir. Hazırda BYD Konvensiyasının 74 üzvü var. 2019-cu ildə isə Konvensiyanın Argentina və Omana münasibətdə qüvvəyə minməsi ilə bu üzvlərin sayı 76 olacaq.

BYD İcraiyyə Şurasının üzvləri gömrük prosedurlarının idarə olunması, beynəxalq daşımalar və tranzit əməliyyatlarının tənzimlənməsi sahəsində milli və beynəlxalq səviyyədə müvafiq təcrübəyə malik mütəxəssislərdən seçilir.

Şuranın əsas funksiyaları BYD Konvensiyasının tətbiqinə, gömrük zəmanəti sisteminin fəaliyyətinə, BYD kitabçalarının nəşri və bölgüsü işinin təşkilinə, üzv dövlətlərin səlahiyyətli orqanları arasında operativ və digər məlumatların mübadiləsinə nəzarət, BYD prosedurunun tətbiqi zamanı yaranan mübahisələrin həlli kimi mühüm məsələlərdən ibarətdir.

2019-2020-ci illər üçün BYD İcraiyyə Şurasının üzvlüyünə Azərbaycan nümayəndəsi ilə yanaşı, Rusiya Federasiyası, İran, Türkiyə, Ukrayna, Avropa Komissiyası, İtaliya, Polşa və Bolqarıstan nümayəndələri də seçilib.

Xatırladaq ki, Fərid Vəliyev 2017-ci ildə BYD İnzibati Komitəsinin sədr müavini, 2018-ci ildə isə sədri seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır