Fevralın 28-də Dövlət Gömrük Komitəsində xarici ticarət əməliyyatlarında iştirak edən şəxslərə son yeniliklərlə bağlı seminar keçirilib.
Tədbirdə DGK Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov, Gömrük Nəzarətinin Təşkili və Asanlaşdırılması Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Səməd Qaralov, Komitənin aidiyyatı struktur bölmələrinin rəhbərləri, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə, sahibkarlar və media nümayəndələri iştirak ediblər.
Gömrük Nəzarətinin Təşkili və Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi davamlı inkişaf strategiyasının tərkib hissəsi olaraq gömrük sistemində reallaşdırılan islahatlar biznes mühitinin yaxşılaşdırılmasına, ölkənin ixrac və tranzit potensialının artırılmasına, gömrük prosedurlarının sadələşdirilməsinə və şəffaflığın təmin olunmasına münbit şərait yaradıb.
Bildirilib ki, cari ilin fevral ayının 1-dən etibarən tətbiq edilən “Yaşıl Dəhliz” buraxılış sistemi məmur-vətəndaş təmasının minimuma endirilməsi, sərhədkeçmə prosesinin sürətləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində mühüm addımdır. Eyni zamanda, bu sistem sahibkarlar arasında könüllü riayət prinsipini də formalaşdıracaq.