İlkin məlumatlara görə yanvar-fevral aylarında xarici ticarət balansında 986.3 mln. dollar məbləğində müsbət saldo yaranıb. İxrac 42.6%, o cümlədən qeyri-neft ixracı 16.4% artıb.
Son aylarda dünya bazarlarında əmtəə qiymətləri artım meyilli olub. 2019-cu ilin yanvar-fevral aylarında neftin dünya qiyməti orta hesabla 62 ABŞ dolları təşkil edib. Neftin qiyməti ilin əvvəlindən 26% (14 ABŞ dolları) artıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə dünya ərzaq qiymətləri indeksi yanvar-fevral ayları ərzində 3.4% yüksəlsə də ötən ilin eyni dövrü ilə müqayisədə 2.2% aşağıdır.
Qeyd edək ki, ticarət tərəfdaşı olan ölkələrdə orta inflyasiya səviyyəsi son aylar sabit qalıb, bu ölkələrin valyuta məzənnələrində kəskin tərəddüdlər baş verməyib.
İlin əvvəlindən ölkənin strateji valyuta ehtiyatları 4.1% artaraq 46.6 mlrd. ABŞ dollarına çatıb. Bu, tədiyə balansının profisitlə formalaşdığını göstərir.