Mərkəzi Bankın blokçeyn layihəsinin beynəlxalq sammitdə təqdimatı keçirilib

02-03 aprel 2019-cu il tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində təşkil olunan “Future blockchain summit”də Azərbaycan Mərkəzi Bankı pilot olaraq reallaşdırdığı blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin təqdimatını keçirib.

ABŞ, Almaniya, BƏƏ, İngiltərə, Çin, Rusiya, Estoniya, Malta və digər ölkələrdən 170 eksponentin və 14000 iştirakçının qatıldığı “Future blockchain summit”də Blokçeyn, Əşyaların interneti, Böyük verilənlər, Süni intellekt və sair kimi müasir innovativ həllərin sərgisi keçirilmiş və bu innovasiyaların müxtəlif ekosistemlərdə real tətbiqləri barədə çıxışlar edilib.

Sammitdə, ölkə Prezidentinin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bank tərəfindən reallaşdırılan blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması layihəsinin məqsədi və tətbiqi nəticəsində əldə ediləcək faydalar barədə məlumat auditoriyanın diqqətinə çatdırılıb.

IBM və Lenovo şirkətləri ilə birgə əməkdaşlıq çərçivəsində yaradılan informasiya sistemi məsafədən bank xidmətlərinin təqdim edilməsi və müştəri-bank münasibətlərinin tam elektronlaşdırılmasına imkan verəcəkdir.

Sammit iştirakçılarının ciddi marağına səbəb olmuş təqdimat nəticəsində uzaq və yaxın qonşu ölkələrin nümayəndələri Mərkəzi Banka səfər arzusunda olduqlarını, o cümlədən blokçeyn – paylanılmış reyestr texnologiyasının bank sistemində tətbiqi üzrə əməkdaşlıq etmək niyyətlərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır