Dövlət Agentliyinin nümayəndə heyəti Nyu-Yorkda

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında səfərdədir.

Səfərin məqsədi BMT-nin Dövlət İdarəetməsi üzrə Ekspertlər Komitəsinin (CEPA) Nyu-York şəhərində keçirilən 18-ci sessiyasında iştirakdır.

9 aprel tarixində BMT-nin Davamlı İnkişaf Məqsədlərindən 16-cı məqsədə üzv dövlətlərdə nail olunmasının uğurlu təcrübələrinə həsr olunmuş iclas keçirilib. İclasda Azərbaycan, Xorvatiya, Çili, İndoneziya, İslandiya, Uruquvay, Qvatemala və digər dövlətlərin müvafiq sahədə həyata keçirdiyi tədbirlərə dair çıxışlar dinlənilib.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət islahatlarının tərkib hissəsi olaraq “ASAN xidmət”in yaradılmasından, mərkəzlərdə xidmətin keyfiyyətinin ölçülməsi, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində aparılan fəaliyyətdən və Davamlı İnkişaf Məqsədlərinə uyğun olan təcrübədən bəhs edib. Həmçinin “ASAN xidmət”in uğurlu təcrübəsinin bir çox dövlətlərdə tətbiqi, həmin dövlətlərin nümayəndələri üçün təlimlərin təşkil olunduğu diqqətə çatdırılıb.

İclas CEPA ekspertlərinin sualları və şərhləri əsasında interaktiv dialoq formasında davam etdirilib.

Daha ətraflı məlumat almaq üçün keçiddən istifadə edə bilərsiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır