2019-cu ilin birinci rübündə SOCAR tərəfdaş şirkətlər ilə birlikdə ölkədə neft hasilatını stabil səviyyədə saxlamaqla yanaşı, qaz hasilatında ciddi artıma nail olub. Ölkə üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1% artaraq, 9,11 mlrd m3, neft hasilatı 0,15% artaraq, 9,7 mln ton, təşkil edib. SOCAR üzrə 1,853 mln ton neft, 1,56 mlrd m3 qaz hasil olunub.
Qaz hasilatının artırılması istiqamətində SOCAR-ın “Ümid” yatağında 6810 metr dərinliyə qazıb istismara verdiyi yeni quyu xüsusi qeyd edilməlidir. Şirkət üzrə ən yüksək debitə malik bu quyuda qazma işləri mürəkkəb geoloji strukturda bir çox texniki üsullardan ilk dəfə tətbiq edilməklə təhlükəsiz şəraitdə tamamlayıb. Quyunun potensial hasilatı gündəlik 2,5 mln m3 qaz, 400 ton kondensat həcmində qiymətləndirilir. Bundan əlavə 5940 – 6810 metr dərinliyindən süxur nümunələri götürülmüş, temperatur və lay təzyiqi barədə məlumatlar əldə edilib.
Layihənin mühəndislik dizaynı SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən yerinə yetirilib.
Qeyd edək ki, layihə SOCAR-ın “Ümid-Babək” Əməliyyat Şirkəti tərəfindən idarə edilib, qazma üzrə podratçı “SOCAR AQŞ MMC” olub. Digər podratçılar, o cümlədən Baker Hughes GE Company, Cameron, Sumitomo, Azeri MI, Weatherford, Schlumberger, Interwell, Azorel, AXDG, CMS, Azlab MMC layihənin uğurla həyata keçirilməsinə mühüm töhfə veriblər. Ümumilikdə hesabat dövrü ərzində SOCAR üzrə 40 min metrdən artıq qazma işləri həyata keçirilib.
Cari ilin birinci rübündə SOCAR tərəfindən 5.8 mln tona yaxın xam neft ixrac olunub, qaz ixracı ölkə üzrə artaraq 3,2 mlrd m3 təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünə nisbətən 27% çoxdur. Xatırladaq ki, ölkə və SOCAR-ın ixrac etdiyi qazın həcminin artmasının əsas səbəbi Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Şahdəniz-2 qazının Türkiyəyə nəql edilməyə başlamasıdır. İndiyə qədər sözügedən boru kəməri vasitəsilə 1,4 mlrd m3 kommersiya məqsədli qaz nəql edilib. Neft və neft-kimya məhsullarının ixracı yanvar-mart aylarında təqribən 456 min ton təşkil etmiş, bununla da əvvəlki ilin analoji dövrünə nisbətən 10,5 faiz artım qeydə alınıb.