“Elektron məhkəmə” informasiya sistemində son dəyişikliklər təqdim olunub

Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Doing Business Hesabatının “Müqavilələrin həyata keçirilməsi” adlı göstəricisi üzrə görülən işlərə dair mətbuat konfransı keçirilib. Konfransda ölkə başçısının biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üçün verdiyi tapşırıqların icrası ilə bağlı məhkəmələrdə yaradılan elektron imkanlar barədə geniş təqdimatla Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri, hakim Ramin Qurbanov çıxış edib, , sistemin canlı olaraq nümayişi keçirilib. Tədbirdə Ədliyyə Nazirliyinin İKT idarəsinin rəisi Ağakərim Səmədzadə də iştirak edib.

Qeyd edək ki, biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması üçün ölkə başçısı İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə 28 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “Məhkəmələr və hakimlər haqqında” Qanununda dəyişikliklər edilib.

Bu dəyişikliklər sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi istiqamətində ölkədə həyata keçirilən çoxsaylı qabaqcıl tədbirlərdən biridir. Dəyişikliklər nəticəsində iqtisadi məhkəmələrə tamamilə elektron qaydada müraciət imkanları təmin edilmiş və elektron forma ilə yanaşı, sənədlərin kağız formada tələb olunması aradan qaldırılıb. Dəyişikliklərlə həmçinin məhkəmə rüsumunun elektron ödənilməsi və bütün tərəflərin iştirak etdiyi işlərdə məhkəmə işləri ilə elektron qaydada tanış olma, hakim və sahibkar arasında münasibətlərin tamamilə elektron qaydada tənzimlənməsi təmin edilib. Hakim və sahibkar arasında kağızsız elektron qaydada yazışma, sənədlərin elektron qaydada təqdim edilməsi və alınması, bütün qərarların avtomatik elektron dərc olunması islahatlar nəticəsində əldə edilən nailiyyətlərdəndir.

Dəyişikliklər nəticəsində mülki işlər üzrə iddianın qiyməti 2000 manatdan, iqtisadi mübahisələr üzrə iddianın qiyməti 10.000 manatdan az olan iddialar üzrə işlərə sadələşdirilmiş qaydada baxılır. Sadələşdirilən icraatda ərizə məhkəməyə daxil olduqdan sonra 30 iş günü ərzində tərəflərin təqdim etdiyi sübutlar əsasında, tərəflər məhkəməyə çağırılmadan və məhkəmə baxışı keçirilmədən məhkəmə işin həllinə dair qərar çıxarmalıdır. Dəyişikliklərə əsasən təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi və elektron qaydada yayılan məhkəmə qərarlarının anonimləşdirilməsi təmin edilib.

Ətraflı məlumat üçün keçidə daxil ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır