Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları-2017” adlı mükafatlandırma mərasimində “Ən fəal ekspert qrupu” nominasiyası üzrə “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” Ekspert qrupu 2-ci yerə layiq görülüb.
Belə ki, mərasimdə, ABA-nın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edən, Assosiasiyanın nəzdində çalışan ekspert qruplarının il ərzindəki fəaliyyətlərinin qiymətləndirilməsinin nəticələri açıqlanıb və vurğulanıb ki, il ərzində ekspert qruplarının hər biri çox yüksək səviyyədə və peşəkarlıqla fəaliyyət göstərib, bank sektoruna aid məsələlərin həllinə əhəmiyyətli töhfələr veriblər. Bu baxımdan ekspert qruplarının mükafatlandırılması “yaxşıların içərisindən ən yaxşılarını seçmək” mahiyyəti daşıyır.
Xatırladaq ki, ABA-ya üzv təşkilatların və tərəfdaşların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının yuxarı menecmenti, beynəlxalq maliyyə institutlarının ölkəmizdəki nümayəndəlikləri, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri, tərəfdaş KİV-lər və digər dəvətlilər iştirak edib.
Qeyd edək ki, qrupda kartlı ödəniş sistemləri, alternativ xidmət kanalları (internet bankçılıq, mobil bankçılıq, ATM, Çağrı Mərkəzi və s.), ödəniş sistemlərinin təhlükəsizliyi və digər nağdsız ödənişlərlə əlaqədar bank sistemindəki mövcud vəziyyətin, bankların qarşılaşdıqları problemlərin və digər əlaqədar məsələlərin müzakirə edilməsi, qeyd olunan istiqamətdə xarici təcrübənin, qabaqcıl ölkələrin innovativ yanaşmalarının öyrənilməsi, eləcə də müvafiq qurumlara ünvanlanacaq əsaslandırılmış təkliflərin hazırlanması, hüquqi-normativ baza və standartların hazırlanmasında iştirak, bu sahələrin inkişafı üçün banklararası razılaşmaların mümkünlüyünün müzakirəsi və digər bu qəbildən olan fəaliyyətlər həyata keçirilir.