ABA-nın Ekspert Qrupunun sədri II Maliyyə və İnvestisiya Forumunda çıxış edəcək

Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Xəzinədarlıq və Fondların İdarə Olunması” üzrə Ekspert Qrupunun sədri Aydın Hüseynov II Maliyyə və İnvestisiya Forumunda spiker qismində çıxış edəcəkdir.

BBN.az xəbər verir ki, Aydın Hüseynov Forumun “Maliyyələşmə Strategyaları” adlı III Panelində öz təcrübə və biliklərini bölüşəcək.

Qeyd edək ki, Aydın Hüseynov 1996-2000-ci illərdə Türkiyə  Cümhuriyyətnin Egey Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Bakalavr, 2000-2002-ci illərdə Ankara Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Magistr və 2002-2005-ci illərdə həmin Universitetdə Tətbiqi Riyaziyyat ixtisası üzrə Doktorantura təhsilini tamamlayaraq Riyaziyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi almışdır. Fəlsəfə Doktoru elmi dərəcəsi Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya olunmuşdur. 2014-cü ildən başlayaraq Bakı Dövlət Universitetində Riyazi İqtisadiyyat Kafedrasında Elmlər Doktoru elmi dərəcəsi üçün təhsilini bu günə qədər davam etdirməkdədir. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Dosent elmi adı verilmişdir.

Aydın Hüseynov əmək fəaliyyətinə 2007-ci ilin Aprel ayından Yapı Kredi Bank QSC-də Kreditlərin Təhlili  Departamentinə  mütəxəssis olaraq  başlamışdır. 2008-2009-cu illərdə həmin bankda Fondların İdarə Edilməsi Departamentində  Mütəxəssis kimi fəaliyyətini davam etdirmişdir. Paralel olaraq Yapı Kredi İnvest MMC-də Qiymətli Kağızlar üzrə broker və diler kimi işləmişdir. 2009-2012-ci illərdə TuranBank ASC-də Birja Əməliyyatları Şöbəsində müdir, 2012-ci ildən 2014-cü ilin Mart ayına qədər isə Risklərin İdarə Edilməsi Departamentinə Direktor vəzifəsində çalışmışdır.

Daha sonra, 2016-cı ilin Yanvarından “Rabitəbank” ASC-də Risklərin İdarə Edilməsi üzrə Sədr müavini, 2016-ci ilin aprelindən “Rabitəbank” ASC-də Satış üzrə Sədr müavini kimi fəaliyyət göstərmişdir.

2017-ci ilin Martından  isə “AFB Bank” ASC-də çalışır və hazırda həmin bankda “AFB Bank”ın İdarə Heyəti Sədrinin birinci müavini vəzifəsini icra edir.

Xatırladaq ki, II Maliyyə və İnvestisiya Forumu 5 may 2018-ci il tarixində Bakı şəhəri “Pullman” otelində ölkənin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır