ABA-nın eksperti: “Nağdsız ödənişlər sayəsində ÜDM 70 mln. dollar artıb”

“Azərbaycan Banklar Assosiasiyası”nın eksperti və «AtaBank»ın Bank kartları və elektron xidmətlər departamentinin direktoru Teymur Axundovun «Vergilər» qəzetinə müsahibəsi :

– Teymur müəllim, dövlət tərəfindən nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı mühüm vəzifələr müəyyən edilib. Bu vəzifələrin yerinə yetirilməsi üçün banklar tərəfindən hansı işlər görülməkdədir?

– 2017-ci il yanvarın 1-dən qüvvəyə minmiş «Nağdsız hesablaşmalar haqqında» Qanun nağdsız ödənişlərin genişləndirilməsi baxımından əlverişli imkanlar yaradır. Qanun iqtisadiyyatda şəffaflığın təmin edilməsi, ödənişlərə dövlət nəzarətinin həyata keçirilməsi, eyni zamanda dövlət büdcəsinə ödənilən vəsaitlərin həcminin artması baxımından mühüm əhəmiyyət kəsb edir.

Banklar öz fəaliyyətlərini qanunun tətbiqindən irəli gələn bir sıra məsələlərin həlli istiqamətində qurmağa başlayıb. Bunlar, əsasən, nağdsız ödənişlərin stimullaşdırılması, kartlarla aparılan əməliyyatlara daha çox müştəri cəlb edilməsi kimi məsələləri əhatə edir. Hazırda banklar tərəfindən POS-terminalların infrastrukturunda da müvafiq texniki işlər aparılır və təmassız kartların qəbulu üçün yeni imkanlar yaradılır. Bir neçə bank POS-terminallarla bağlı xüsusi korporativ kartların emissiyasına start verib. Bu, ticarət obyektinin sahibinin öz bankına müraciət etmək ehtiyacını aradan qaldırır, ona POS-terminal vasitəsilə aparılmış bütün əməliyyatlar üzrə vəsaiti birbaşa öz kartından əldə etməyə imkan yaradır, ticarət obyektinin işini daha da asanlaşdırır. Əksər banklarda müştərilər «Mobile-banking», «SMS-banking», «İnternet-banking» kimi onlayn xidmətlərdən rahat faydalanırlar ki, bu da nağdsız ödənişlərin inkişafında mühüm amildir. Kommersiya bankları maqnit zolaqlı kartlardan imtina etməklə öz müştərilərinə çip tipli və ya daha müasir təmassız kartlar təklif edirlər.

– Hazırda kart bazarındakı texniki imkanları nağdsız ödənişlərin genişləndirilməsi üçün yetərli hesab etmək olarmı?

– Ölkədə bank kartları və POS-terminalların mövcud sayı nağdsız ödənişlərin inkişafına geniş imkanlar yaradır. 2010-cu ilin sonunda Azərbaycanda fəaliyyət göstərən ticarət, ictimai iaşə və xidmət obyektlərində cəmi 6978 POS-terminal mövcud idisə, 2016-cı ilin dekabr ayında bu rəqəm 10 dəfədən çox artaraq 70.913 ədəd təşkil edib. Dövriyyədə olan kartların sayı da əhəmiyyətli dərəcədə artaraq 5,3 milyonu ötüb. Yəni indi ölkəmizdə kart bazarında geniş rəqabət üçün hər cür şərait vardır.

– Nağdsız ödənişlərin hansı mühüm üstünlükləri var?

– Nağdsız ödənişlər bu prosesdə iştirak edən bütün tərəflər üçün əlverişlidir. Kart vasitəsilə ödənişlərin aparılması, ilk növbədə, ticarət və iaşə obyektləri üçün əhəmiyyət kəsb edir. Bu, onların imicini və nüfuzunu yüksəldir, POS-terminal vasitəsilə aparılan əməliyyatlar müştərilərin sayını çoxaldır. Təcrübə göstərir ki, POS-terminallardan istifadə edən ticarət obyektinin dövriyyəsi 25-30% artır. Nağdsız ödənişlər ticarət obyektləri ilə yanaşı, kart istifadəçiləri üçün də sərfəlidir. Çünki on­lar nağd vəsaiti özləri ilə gəzdirmirlər və nəticədə pulun itirilməsi riski aradan qalxmış olur. Kart itirildikdə isə müvafiq banka müraciət etməklə kart bloklaşdırılır və hesabda olan vəsait toxunulmaz qalır.

Nağdsız ödəniş dövlət orqanları üçün tam şəffaf sistemin yaradılması və nəzarət mexanizmlərinin gücləndirilməsi, istehlak xərcləri, sənaye istehsalı, iqtisadi artım və yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması baxımından aktualdır. Tanınmış beynəlxalq reytinq şirkəti «Moody`s»un 2016-cı ildə bank sistemi ilə əlaqədar təhlillərinə əsasən, Azərbaycanda plastik kartlarla aparılmış əməliyyatlar sayəsində ölkənin ümumi daxili məhsulu (ÜDM) təxminən 70 milyon dollar çoxalıb. ÜDM-də istehlak xərcləri 0,06% artıb. Həmin reytinq şirkətinin analitiklərinin rəyinə görə, ötən il nağdsız ödənişlərin inkişafı 70 ölkədə ÜDM-in 296 milyard ABŞ dolları artırılmasına səbəb olub, ümumi istehlak xərcləri isə 0,18% çoxalıb.

– Banklar tərəfindən ticarət obyektləri ilə aparılan tarif siyasətini necə qiymətləndirirsiniz?

– Hal-hazırda Azərbaycanda ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində «Visa», «MasterCard», «American Express» kartları qəbul olunur. 2016-cı ilin sonunda bir sıra POS-terminallarda «UnionPay» kartlarının qəbuluna da start verilib. Beləliklə, dünyada ən populyar sayılan ödəniş təşkilatlarının kartları artıq Azərbaycanda qəbul olunur. Ticarət, ictimai-iaşə və ya xidmət obyektlərinə tətbiq olunan xidmət haqları hər bankın tarif siyasətindən və öz prioritetlərindən asılıdır.

Kartı emissiya edən və həmin kartı qəbul edən banklar eyni prosessinq mərkəzində xidmət aldığı halda, «Visa», «MasterCard» və ya «UnionPay» kartlarla POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız əməliyyatlar üzrə ölkəmizin ticarət obyektlərindən orta hesabla 1,0-1,5% həcmində xidmət haqqı tutulur. Qeyd etmək lazımdır ki, tutulan xidmət haqqına prosessinq mərkəzinin (ortalama 0,3-0,6%) xidmət haqqı və bankın gəliri (ortalama 0,5-1,0%) daxildir. Ölkə daxilində müxtəlif prosessinq mərkəzləri arasında və ya xarici kartlar vasitəsilə keçirilən əməliyyatlar üzrə bu xidmət haqqı ortalama 2-3% təşkil edir. Hesablanan xidmət haqqına prosessinq mərkəzinin (ortalama 0,3-0,6%) və banklararası (ortalama 0,9-2,25%) xidmət haqları daxildir. Banklararası xidmət haqqı kartı qəbul edən bankdan tutularaq kartı emissiya edən bankın hesabına köçürülür. Bütün xidmət haqlarının ödənilməsindən sonra qalan məbləğ ticarət obyektinə xidmət göstərən bankın gəliri hesab olunur. Onu da qeyd etmək lazımdır ki, bəzi hallarda kart növündən asılı olaraq beynəlxalq ödəniş sistemlərinin kartları ilə aparılan əməliyyatlar üzrə banklararası xidmət haqqı yüksək olduğuna görə, ticarət obyektinə xidmət göstərən bank gəlir əldə etmir, əksinə, bu cür əməliyyatlarda həmin bank itki ilə üzləşir. Lakin ticarət obyektinə daha sərfəli xidmətin göstərilməsi məqsədilə tarif siyasətinin müəyyənləşdirilməsi zamanı bu cür əməliyyatlar hesaba alınmır. Bəzi hallarda bir vahid prosessinq mərkəzinin daxilində də aparılmış əməliyyatlar çərçivəsində banklararası xidmət haqqı tətbiq edilir. Qeyd etmək lazımdır ki, Azərbaycanda tətbiq edilən faiz dərəcələri dünyada istifadə olunan orta xidmət haqları civarındadır.

Banklar tərəfindən təqdim edilən tariflər barədə məlumat mütəmadi olaraq Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilir.

– Ticarət, ictimai-iaşə və ya xidmət obyektində mal və ya xidməti nağdsız şəkildə alan zaman kart istifadəçisi hansı xidmət haqqı ödəyir?

– Bu sual kart istifadəçiləri və eyni zamanda, ticarət, ictimai-iaşə və ya xidmət obyektlərinin sahibləri tərəfindən tez-tez verilir. Qeyd etmək istəyirəm ki, nağdsız əməliyyatların stimullaşdırılması və şəffaf alış-veriş sisteminin qurulması məqsədilə beynəlxalq ödəniş sistemləri tərəfindən nağdsız əməliyyatlara daim üstünlük verilir.

Bir məsələni xüsusilə vurğulamaq istəyirəm ki, ticarət obyektində mal və ya xidmətin nağdsız qaydada kart vasitəsilə alışı zamanı kart istifadəçisi bu əməliyyata görə hər hansı əlavə xidmət haqqı ödəmədən yalnız mal və ya xidmətin dəyərini ödəyir. Bu, bütün kart növlərinə aiddir. Əlavə olaraq, kartları emissiya edən bir çox banklar öz kart istifadəçiləri üçün stimullaşdırıcı kampaniyalar keçirir və əldə olunan banklararası xidmət haqqı vasitəsilə əlavə bonuslar qazandırır. Beləliklə, kart istifadəçisi nəinki ticarət obyektlərində nağdsız əməliyyat zamanı əlavə xidmət haqqı ödəmir, hətta  bonus və ya müvafiq güzəştlər əldə edir. Hər bir bank öz kart istifadəçilərinə mütəmadi olaraq məlumat çatdırmalıdır ki, kart bankomatlardan nağd vəsaitlərin çıxarılması üçün yox, mal və ya xidmətin alınması üçün istifadə edilməlidir və bu halda, nağd vəsaitlərin çıxarılması əməliyyatından fərqli olaraq, heç bir əlavə xidmət haqqı ödənilmir. Yəni, kartla alış-veriş zamanı faizlər satıcıdan tutulur, POS-terminal vasitəsilə ödəniş edən şəxs heç bir halda pul itirmir. Bütün bunlar, əsasən, əməkhaqqı, pensiya və sosial kart sahiblərinə aiddir. İnanıram ki, bu cür yanaşma ilə yaxın gələcəkdə nağdsız ödənişlərin həcmi tədricən artırılacaqdır.

– Nağdsız ödənişlərin inkişaf perspektivlərini necə görürsünüz?

– İnkişaf etmiş ölkələrdə plastik kartlarla həyata keçirilən ödənişlərin payı 50-60% arasında olsa da, Azərbaycanda bu rəqəm 10-11% həddindədir. Amma ölkəmizdə nağdsız ödənişlərin inkişafı üçün böyük imkanlar mövcuddur. «Nağdsız ödənişlər haqqında» Qanuna uyğun olaraq, bu prosesdə iştirak edən bütün tərəflər, o cümlədən banklar tərəfindən sağlam rəqabətlilik şəraitində müştərilərə daha əlverişli və rahat ödəniş üsullarının təqdim olunması davam etdiriləcəkdir. Yaxın gələcəkdə ölkəmizdə «NFC» (Near Field Communication), «Apple Pay» və «Samsung Pay» kimi ödəniş platformalarının yaradılması üzrə müzakirələr aparılacağı gözlənilir. Nağdsız ödəniş və elektron xidmətlər sahəsində çoxsaylı tədbirlər həyata keçirən Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, Vergilər Nazirliyi və digər dövlət qurumlarının fəaliyyəti bir daha təsdiqləyir ki, qarşıya qoyulmuş strateji vəzifələrin öhdəsindən uğurla gəlinəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır