2 fevral 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının nəzdində yaradılacaq Xəzinədarlıq və Fondların İdarə Olunması adlı Ekspert Qrupunun ilkin iclası keçirilib. İclasda ABA-ya üzv təşkilatların nümayəndələri iştirak ediblər.
ABA-da baş tutan iclasda Xəzinədarlıq və Fondların İdarə Olunması adlı Ekspert Qrupunun yaranma zərurətindən danışılıb. Bildirilib ki, Azərbaycan Banklar Assosiasiyası nəzdində demək olar ki, bütün sahələri əhatə edən ekspert qrupları vardır və çox faydalı və effektiv fəaliyyət göstərirlər. Lakin, valyuta əməliyyatları, qiymətli kağızlar, törəmə əməliyyatlar, likvidliyin idarə olunması, valyuta mövqeyi, valyuta, faiz və likvidlik risklərinin, aktiv və passivlərin idarə olunması, aktivlərin transfer qiymətləndirilməsi və s. kimi məsələlərinin aktiv müzakirəsinin aparıldığı bir ekspert qrupu yoxdur. Nəzərə alsaq ki, son zamanlarda bankların bu istiqamətdə aktiv əməliyyatları artıb və eləcədə banklara aid normativ və prosedurlarda bu mövzularda dəyişikliklər baş verir, belə bir qrupunda yaradılması çox faydalı və effektiv olardı.
İclasda həmçinin, Ekspert Qrupunda müzakirə olunacaq məsələlər üzrə mövzuların təqdimatı edilib. Qrupun strateji baxışı və missiyası üzrə təkliflər və tövsiyələr dinlənilib.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.