Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı ilə əməkdaşlıq çərçivəsində ödəniş kartları bazarında baş verə biləcək fırıldaqçılıq hallarının qarşısının alınması üzrə son nailiyyətlərin mənimsənilməsi, bankların bu sahədə çalışan əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə 22 may 2017-ci il tarixində seminar keçiriləcək.
Tədbirdə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının risklərin idarəedilməsi üzrə eksperti Cem Kibaroglu tərəfindən ödəniş kartları bazarında fırıldaqçılıq əməliyyatları üzrə son tendensiyalar və bu əməliyyatların qarşısının alınması imkanları haqqında məlumat veriləcək. Həmçinin, informasiya texnologiyaları sahəsində mövcud inkişaf tempini və kiber hücumlara qarşı təhlükəsizlik tələblərinin möhkəmləndirilməsinin zəruriliyini nəzərə alaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının banklar qarşısında müəyyən etdiyi yeni tələblər açıqlanaraq qarşılıqlı fikir mübadiləsi aparılacaq.