Azərbaycan Banklar Assosiasiyası və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində maliyyə sektorunda çalışan mütəxəssislərin bilik və bacarıqlarının daha da artırılması, bu sahədə maliyyə savadlılığının yüksəldilməsi istiqamətində “Kobil systems” təşkilatı ilə əməkdaşlıq çərçivəsində növbəti tədbir keçirilib.
“Elektron bankçılıq xidmətlərində təhlükəsizlik” mövzusunda keçirilən seminarda “Kobil systems” təşkilatının eksperti Koray Arikan tərəfindən elektron bankçılıq xidmətləri sahəsində Avropa Birliyində tətbiq olunan təhlükəsizlik tədbirləri, maliyyə xidmətlərinin innovativ vasitələrlə təqdim edilməsi zamanı nəzərə alınacaq təhlükəsizlik amilləri, müxtəlif fırıldaqçılıq halları və onlara qarşı mübarizə tədbirləri haqqında ətraflı məlumat verilib.
Qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə həmçinin, elektron ödənişlərdə təhlükəsizlik sahəsində son trendlər, qabaqcıl banklar tərəfindən həyata keçirilən tədbirlər də müzakirə edilib.