İstanbulda Azərbaycan Banklar Assosiasiyasının (ABA) Prezidenti Zakir Nuriyev və Türkiyə Banklar Birliyinin (TBB) Baş Katibi Əkrəm Kəskin arasında görüş keçirilib.
Görüşdə Bank Ombudsmanı ilə bağlı TBB-nin təcrübəsinin öyrənilməsi, banklardakı girovların reallaşdırılması ilə bağlı ixtisaslaşmış hərraclar barədə məsələlərin müzakirəsi, TBB-də araşdırma və analitik xidmətlərin təşkili sahəsində təcrübənin öyrənilməsi kimi məsələlər müzakirə edilib.
Eyni zamanda, TBB-nin dəstəyi ilə ABA-da təlimlərin təşkili, ABA tərəfindən keçiriləcək “Bank və Maliyyə bazarlarının kibertəhlükəsizliyi adlı Konfrans”da TBB-nin ekspertlərinin spiker qismində çıxışı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 2008-ci ilin may ayında ABA ilə Türkiyə Banklar Birliyi arasında Əməkdaşlıq Sazişi imzalanıb. Saziş iki ölkənin banklar assosiasiyaları arasında sıx əməkdaşlıq əlaqələri qurmaqla, assosiasiyaların səlahiyyətləri çərçivəsində dövlətlərarası iqtisadi əlaqələrin möhkəmlənməsinə təkan olub.