“ABAD” “BMT-nin Dövlət Xidmətləri Forumu”nda təqdim olunub

22 – 23 iyun 2017-ci il tarixində Niderland Krallığının Haaqa şəhərində “Gələcək İndidir: 2030 Gündəliyi naminə Dövlət Xidmətləri Sahəsində İnnovasiyanın Sürətləndirilməsi” mövzusuna həsr edilən “BMT-nin Dövlət Xidmətləri Forumu” keçirilib.

Forumda ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.Forumun keçirilməsində məqsəd səmərəli dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri və digər bu kimi məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətdə müsbət təcrübələrinin mübadiləsi və mükafatlandırma mərasiminin keçirilməsi olub. Forumda dünyanın müxtəlif ölkələrindən aparıcı nazirliklərin və təşkilatların rəhbərləri, beynəlxalq ekspertlər, kütləvi informasiya vasitələri və işgüzar dairələrin nümayəndələri iştirak edib.

Forum çərçivəsində “İş yerlərinin yaradılması və rifah” mövzusunda təşkil olunmuş 1-ci paneldə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edib. O,  dövlət idarəçiliyinin təkmilləşdirilməsi və modernləşdirilməsi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib, bu islahatların tərkib hissəsi olan “ABAD” publik hüquqi şəxsin uğurlu fəaliyyəti barədə geniş təqdimat edib. 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır