Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin könüllü restrukturizasiyası planına uyğun olaraq 1 sentyabr 2017-ci il tarixində bankın kreditorlarına yeni maliyyə alətləri təqdim edilib və bununla da müəyyən öhdəliklərin dövlətə ötürülməsi uğurla başa çatıb.
Xatırladaq ki, 18 iyul 2017-ci il tarixində Azərbaycan Beynəlxalq Bankının kreditorlarının yığıncağı keçirilib. Səsvermənin nəticələrinə əsasən, bankın restrukturizasiya olunan öhdəliklərinin 93.9%-ə malik kreditorlar planın lehinə səs verib. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəyindən sonra Bakı şəhər, Nəsimi Rayon Məhkəməsi 17 avqust 2017-ci il tarixində Planın təsdiqlənməsinə dair qərar çıxarıb.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov prosesin nəticəsini belə şərh edib: “Restrukturizasiya prosesi gözlədiyimiz kimi uğurla başa çatdı. Bu prosesin həyata keçirilməsi bankın uzunmüddətli dayanıqlığının təmin olunması baxımından həlledici addım idi. Hazırda bankın problemli aktivlərinin müəyyən hissəsinin Aqrarkredit təşkilatına ötürülməsi istiqamətində yekun tədbirlər həyata keçirilir. Hər iki addım bankın kapitallaşmasını, mənfəətliyini və maliyyə bazarında dayanıqlığını təmin edəcək. Bütün bunlar bankın özəlləşməyə açıq elan edilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinə də imkan verəcək.”
Azərbaycan Beynəlxalq Bankının xarici kreditorlar qarşısındakı öhdəliklərinin 11 may 2017-ci il tarixindən elan edilmiş könüllü restrukturizasiyası prosesi Nəsimi rayon məhkəməsinin prosesə xitam verilməsinə dair qərarı ilə tam yekunlaşmış olacaq.